Oktyabrın 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Baku Cinema Breeze” festivalı start götürdü. Beynəlxalq arenada türk dünyasının tanınması və inkişafı, türkdilli xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, həmçinin istedadlı insanların üzə çıxarılması və yeni filmlərin istehsalını stimullaşdırmaq məqsədilə təsis olunmuş festival XV Bakı Beynəlxalq Kinofestivalını, VIII DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalını, VII Animafilm Beynəlxalq Animasiya Festivalını öz qanadları altında birləşdirir. Sadalanan festivallarla yanaşı oktyabrın 2-də Türk Animasiyası Assosiasiyasının (ATA) təqdimatı da keçirildi. Təqdimatla paralel baş tutan müzakirə panelində TÜRKSOY-a daxil olan ölkələrin animatorları animasiya təcrübələrini bölüşdülər, regionda animasiya sahəsinin inkişafı yollarını nəzərdən keçirdilər.
Festivalın ilk günü “Baku Cinema Breeze” layihəsinin və DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının təntənəli açılış mərasimi ilə davam etdi. Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov festivalın əhəmiyyətindən danışdı: “Bu festival ölkəmizdə ilk dəfə geniş miqyasda film festivallarını bir araya gətirib və dünya kinosunun ən yaxşı nümunələrini təqdim edir. “Baku Cinema Breeze” festivalı Azərbaycan kino sənayesinin inkişafı üçün çox önəmlidir. Bu layihə Azərbaycana qlobal kino xəritəsində öz yerini tutmağa kömək edəcək. Ümid edirik ki, bu festival kino sənayemizin inkişafına yeni töhfə verəcək”.
Daha sonra VIII DokuBaku festivalının “ən yaxşı tammetrajlı sənədli film” kateqoriyasında iştirak edən Belçika istehsalı “Əriyən qarın üstündə” filminin rejissoru Mojtaba Bahadori “Yaşıl dünya naminə” xüsusi mükafatına layiq görüldü.
Oktyabrın 3-də mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun çıxışları ilə başlayan festivalın proqramı müxtəlif mövzularda müzakirə panelləri ilə yadda qaldı. “Omarket- sənaye lokomotivi: festivallar, striminq platformalar, distribusiya, müştərək istehsal” başlıqlı müzakirə panelinin iştirakçıları müəllif kinosunun distribusiyası və prokatı, yerli filmləri dünya bazarına çıxarmağın yolları, striminq platformaların bu istiqamətdəki rolu haqqında danışdılar.
“Omarket – film komissiyaları üçün yeni istiqamət” başlığı altında keçirilən müzakirə panelində isə rebeyt sisteminin kinosənayedəki rolu, film komissiyalarının funksiyaları və əhəmiyyəti barədə maraqlı məlumatlar verildi. Gün, “Kunayfilm” “Film lab”, “WeitMedia” və digər şirkətlərin təqdimatı ilə sona çatdı.
Sadalanan tədbirləri “Omarket” – Şərq Ölkələrinin Kino Bazarı müşayiət edirdi. Sözügedən bazarda Qazaxıstan, Qırğızıstan, Gürcüstanın kinostendləri, o cümlədən yerli kinoşirkətlərin, kinoteatr şəbəkələrinin təqdimat xarakterli stendləri təqdim olunurdu.
Baku Cinema Breeze festivalı oktyabrın 8-ə qədər davam edəcək.