Əsas ÜMUMİ PLANDAFESTİVALLAR DANİEL QULİYEV MÜKAFATA LAYİQ GÖRÜLDÜ

DANİEL QULİYEV MÜKAFATA LAYİQ GÖRÜLDÜ

by editor

Daniel Quliyev “Kinomexanikin qayıdışı” (rej. Orxan Ağazadə) filminin təsvir həllinə görə Alman Kamera Mükafatlarında sənədli film nominasiyasında təltif edilib.

Kinoinfo.az mükafatlandırma mərasimindən olan videonu təqdim edir.

Mükafatlandırma mərasimində münsiflər heyətinin qərarı bu şəkildə açıqlanıb: “Hər bir kadr rəsm kimidir. Azərbaycan dağlarında kənd kinoteatrını birlikdə bərpa etmək istəyən iki fərqli film həvəskarının hekayəsindən bəhs edən filmdə Daniel Quliyev kamerası ilə kino poeziyasını vəsf edir”.

Mükafatlandırmada çıxış edən kino və media elmləri üzrə professor Lisa Gotto filmin təsvir həlli haqqında peşəkar fikirlərini qeyd edib.

Mükafatı alan Daniel təşəkkür edərək sözə başlayıb. Filmin rejissoru Orxan Ağazadə ilə əməkdaşlığından məmnun olduğunu və növbəti layihədə də işləməkdən mənnun olacağını dilə gətirib. O, filmin çətinliklə və üç il müddətinə başa gəldiyini qeyd edib. Daniel həmçinin filmin istehsalında əməyi olan hər kəsə, xüsusilə də fransız və alman prodüserlərə təşəkkür edib.

2024-cü ilin istehsalı olan film azərbaycan və talış dillərində çəkilib. Filmin xronometrajı 87 dəqiqədir. Filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru  Morteza Najaflo, prodüserləri Lino Rettinger (Almaniya) və François-Pierre Claveldir (Fransa). Film Almanya (Lichtblick Film) və Fransanın  (Kidam) ortaq istehsalıdır.

Filmin qəhrəmanı Samid oğlunu iş qəzasında itirəndən bəri tənhalıqla və melanxolik hissləri ilə mübarizə aparır. O, kənddə kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Samid gənc Ayazı da özünə qoşulmağa təşviq etməkdə çətinlik çəkmir. Ola bilər ki, Samidlə Ayaz arasında 50 yaş fərqi olsun, amma onların kinoya həvəsi var. Hər ikisi ucqar kənddə kinonu canlandırmaq ideyası ilə yaşayırlar. Onlar birlikdə kənd əhalisini kino ekranı üçün yer tikməyə inandırmalı, köhnə proyektorları təmir etməli, rəhbərlikdən icazə almalı və layihə ilə bağlı şayiələrə məhəl qoymamalıdırlar. Samid kinomexanik kimi sənətini, səbrini və biliyini aşılayır, yeni başlayan kinorejissor Ayaz isə müasir dünya ilə inteqrasiya yaradır. Onlardan biri həyatı, digəri isə kədəri ilə irəliləyir. Kino öz sehrini göstərəcəkmi?

Əlaqədar Yazılar