Əsas MEYDANDA “EVDƏ QALMIŞ 2” FİLMİNİN ÇƏKİLİŞLƏRİ DAVAM EDİR + FOTOSESSİYA

“EVDƏ QALMIŞ 2” FİLMİNİN ÇƏKİLİŞLƏRİ DAVAM EDİR + FOTOSESSİYA

by editor

Kinomuzun ən məhsuldar rejissorlarından olan Valeh Əhmədov dördüncü filminin – “Evdə qalmış-2”nin çəkilişlərini yekunlaşdırmaq üzrədir. Rejissorun dediyinə görə, filmin 2024-cü ilin dekabr ayında bütün kinoteatrlarda göstərilməsi planlaşdırılır. Romantik komediya janrında çəkilən filmin xronometrajının 80-90 dəqiqə intervalında olması planlaşdırılır. Filmin mövzusuna əsasən, əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin israrlı tələbləri ilə 30 yaşına qədər evlənməlidirlər. Qonşunun, qohum-əqrəbanın “evdə qalmısan?”, “a bala, nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır… 

Belə maraqlı bir ssenarini gerçəkləşdirən heyətin tərkibi də diqqətçəkəndir. Belə ki, “And Production” tərəfindən istehsal olunan filmin baş prodüseri də quruluşçu rejissoru Valeh Əhmədovun özüdür. Ssenariyə müəllifliyi isə onunla birlikdə Failə Nəbiyeva, Könül Ələsova, Türkan Mehdiyeva ediblər. Filmin quruluşçu operatoru Babək Pourfard, quruluşçu rəssamıElnarə Səfərli, səs rejissoru Renat Musalov, qrim rəssamı Aysu Əlizadədir. “Evdə qalmış-2”yə ikinci rejissorluğu Vaqif Əziz, icracı prodüserliyi Cəmil Nağızadə, baş inzibatçılığı isə Elçin Axundov yerinə yetirir.

Filmin obrazlar qalereyasını da tanınmış sənət adamları əhatə edir. Onların sırasında Xalq artisti Həmidə Ömərovanı, Əməkdar artist Mehriban Xanlarovanı, aktyorlar Kəmalə Piriyevanı, Şəhriyar Əbilovu, Firuzə Balayevanı, Kənan Yusifovu, Sanura Cəfərovanı, Aygün Akifi, Elçin Məmmədlini, Nigar Əhmədovanı, Rüstəm Rüstəmlini və başqalarını görəcəyik.

Hazırda gərgin iş rejimində çalışan Valeh Əhmədovdan filmlə bağlı bir neçə sualımızı cavablandırmasını xahiş etdik.

VALEH ƏHMƏDOV: “EVDƏ QALMIŞ 2” REJİSSORLARA MOTİVASİYA VERƏCƏK”

– “Evdə qalmış 2” və bu filmdən rövnəqlənəcək gələcək planlarınızı saytımız vasitəsilə ictimailəşdirməyinizi istərdik…

– “Evdə qalmış” filmini çox sevirəm. Özünüz də bilirsiniz ki, eyni adlı, uyğun mövzulu filmin ikincisini çəkmək həmişə risk tələb edir. Adətən, aktyorların çoxunu bir araya gətirmək çətin olur. Amma şükürlər olsun bizim əsas heyətimiz bu mənada çox məsuliyyətli davrandı. İlk filmə də belə yanaşmışdılar, ikinciyə də. Yumruğu bir yerə vurub dedilər “biz əvvəldən sona qədər ikincidə də olacağıq”.

Düşünürəm ki, “Evdə qalmış 2” həm Azərbaycan kinosuna bir töhfə olacaq, həm də digər rejissor bacı-qardaşlarımızın işlərinə əlavə motivasiya verəcək. Çünkü yeni filmlər çəkiləndə mən özüm həmkarlarımdan, bütövlükdə heyətin işindən və sonucda ortaya qoyulan sənət əsərindən motivasiya alıram. Ona görə də düşünürəm ki, bu film çox yaxşı nəticə verəcək. O nəticələrin növbəti filmlərə faydasını görəcəyik. Necə ki, “Evdə qalmış” filmindən qazandıqlarımızın bir hissəsindən burada istifadə edirik. Əgər filmdən bir uğur qazanırıqsa, bunu növbəti işlərimizə də sərf edirik. Ümidvaram ki, “Evdə qalmış 2” də çox böyük uğur gətirəcək və gələcək planlarımızın bu filmdən asılı olaraq yüksələn xətlə inkişafına xidmət edəcək.

“8-10 NƏFƏR TANIYIRAM Kİ, AZƏRBAYCAN FİLMİNİN GƏLƏCƏYİNİ DÜŞÜNÜR”

Valeh müəllim, sizcə Azərbaycan tamaşaçısını kinozallara gətirən ssenari, aktyor oyunu və ya mövzu amilidir?

– Hamısı. Əsas tamaşaçını kinoteatrda saxlamaqdır. Çünki kinoteatr film istesalçılarının ortaq yeridir. Tamaşaçını oradan küsdürmək olmaz. Treylerdə ən gözəl məqamların yığılmağına rəğmən, filmin içərisində əhəmiyyətli bir şey olmazsa və ya film təkrarçılıqdan ibarət olarsa, bu hal tamaşaçının bir müddətdən sonra kinoteatrdan küsüb uzaqlaşmasına gətirib çıxaracaq. Tamaşaçılar yüksək sayda gəlib bizim filmlərimizi izlədilər. Mən özüm 50-60 seansda gedib izləyicilərlə birgə otururam və özüm qeydlər aparıb təhlillərimi edirəm. Hətta elə olub, filmdə görmüşəm ki, müəyyən hissələr uzanır və o hissələr auditoriyada eyni reaksiyaların yaranmasına səbəb olur. Ona görə də bəzi filmlərimizi məcburən təzədən montajla DCP (kinoteatrda nümayiş üçün nəzərdə tutulmuş rəqəmli format) formatına çevirib ikinci dəfə ortaya çıxarıram. İzləyicini ilk olaraq ad, mövzu, aktyorlar, anons, treyler cəlb edir. Amma sonrakı dalğanı ora gələn insanlar müəyyənləşdirir. İnsanlar gedib filmi tərifləyir, bu yolla işimizi təbliğ edirlər. Məsələn, deyirlər “bu mövzu mənə yaxın idi”, yaxud “buradakı filan xarakter eynən bizim qonşumuz idi” və sairə. Bu tipli söhbətlər film haqqında ajiotajı daha da çoxaldır və nəticədə insanlar kinoteatrlara gəlməyə həvəslənirlər.

Azərbaycan kino bazarında 2 mindən artıq bilet satışı əldə etmək üçün necə filmlər çəkilməli, ümumiyyətlə hansı addımlar atılmalıdır?

– Bəzi film istehsalçıları var ki, bunun üzərində işləyirlər. Biz harada səhv etdik ki, izləyicilərimizi itirdik. Bir müddət əvvələ qədər kinoteatrlara yüz mindən bir qədər artıq izləyici gəlirdi. Sonra tamaşaçıların sayı azaldı. Ancaq yenidən saylar artmağa başlayıb. Əgər biz 200 min izləyiciyə nail olsaq, bu Azərbaycanda film istehsalçılarının öz işlərini rahat şəkildə qurmasına şərait yaradacaq. Mən heç vaxt öz ssenarimi, öz ideyalarımı və yaxud çəkdiyim materialları kiminləsə məsləhətləşməyə qısqanmamışam. İstər film istehsalçıları olsun, istər kino tənqidçiləri, fərqi yoxdur, hər biri ilə məsləhətləşirəm. Bir çox məsələlər masa üzərində həll olunmalıdır. Çox müzakirələr lazımdır ki, biz yenidən qazandığımız o sayı üzüaşağı aparmayaq. Yüz minə qaldıraq, get-gedə daha çox artıraq. Fikir verin, bizim on milyon nəfərdən artıq əhalimiz var. Bunun onda biri bir milyon edir. Biz tamaşaçı sayını 500 min nəfərə çatdırsaq, artıq kino istehsalı çox böyük uğurlara imza atmış olacaq.  Yeni iş yerləri yaranacaq. Çünkü maliyyə qıtlığı ucbatından filmlərin çəkilişində bir çox ştatlar artıq yoxa çıxıb. Bir çox şəbəkələrdə mən buna şahid oluram. Müəyyən zəif qüvvəylə filmlər çəkirik. Amma o sayı yenidən bərpa etsək, biz artıq o imkanları kənarda özümüz quracağıq. Geyimləri də özümüz tikəcəyik. Film istehsalı üçün bu tipli işləri özümüz görə biləcəyik. Bunlar çox önəmli faktorlardır. Biz Türkiyədə təcrübə keçəndə platolar (çəkiliş pavilyonu) gördük. Çünki orada industriya var. Hazır sırf çəkiliş üçün qurulub. Xəstəxanası, geyim yeri, restoranı, bankı, həyəti – çəkilişlər üçün lazım hər şeyi hazırdır. Girirsən, çəkirsən, çıxırsan. 8-10 nəfər tanıyıram ki, Azərbaycan filminin gələcəyini düşünür. Bütün hər şeyini qoymağa hazırdırlar ki, təki film istehsalçıları gəlib o həddə çatsınlar. Yəni biz ürəyimiz istədiyi yerdə gedib filmimizi rahat şəkildə çəkək.

Aynur Kazımova

Əlaqədar Yazılar