Əsas TV-DƏ “MƏN, LALƏ, BİR DƏ ŞERLOK HOLMS” SERİALI İTV-DƏ NÜMAYİŞ OLUNACAQ

“MƏN, LALƏ, BİR DƏ ŞERLOK HOLMS” SERİALI İTV-DƏ NÜMAYİŞ OLUNACAQ

by editor

Fantastik komediya janrında ərsəyə gətirilən “Mən, Lalə, bir də Şerlok Holms” serialı 22 dekabr 2024-cü il tarixində İctimai televiziyanın efirində nümayiş olunacaq. Elm və Təhsil Nazirliyinin dəstəyilə KAC Qrup Media tərəfindən istehsal olunan serialın baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazov, ssenari müəllifləri Tural Sevdimalı və Vüqar Hüseynovdur.

Serialın mövzusuna əsasən zəngin fantaziyalı 7-ci sınıf şairdi Murad valideynlərinin məşğulluğu səbəbindən istək və arzularına rəğmən növbəti yay tətilini kənddə – nənə-babasının yanında keçirməyə məcbur olur. Lakin çox keçmir ki, Murad kənddə həmyaşıdı Lalə və digər kənd uşaqları ilə dostlaşır. Lalə ona kənd həyatının incəliklərini öyrədir, Murad isə Laləni şəhərdən gətirdiyi qadjetlər və oxuduğu kitablardan öyrəndiyi maraqlı faktlarla təəccübləndirir.

Muradın babası Oqtay müəllim təqaüddə olan polis polkovniki, nənəsi Almaz xanım isə keçmiş ədəbiyyat müəlliməsidir. Almaz müəllimənin bədii ədəbiyyat nümunələri ilə zəngin böyük kitabxanası var. Murad babasının evində qaldığı müddətdə bu kitablara çox böyük maraq göstərir. Onları bir-bir oxumağa başlayır. Beləliklə, ekran əsərinin hər seriyası oğlanın oxuduğu kitabların mövzusu üzərində qurulur. Oxuduğu bədii əsərlərin qəhrəmanları isə xəyalında canlanaraq ona gündəlik çətinliklərinin həllində yardımçı olurlar. İlk seriyalarda Muradı yayı kənddə keçirəcəyi fikri darıxdırırdısa, getdikcə tamaşaçı onun artıq kənd həyatının gözəlliklərinə öyrəşdiyinin, burada özünə yeni dostlar tapdığının, yeni dostluq münasibətləri qurduğunun şahidi olur. Hər seriyada Murad Lalə ilə birlikdə kənddə baş verən qəribə və dolaşıq hadisələrin çözülməsi ilə məşğul olur…

“Mən, Lalə, bir də Şerlok Holms” serialının ümumi məzmunu biliyin, oxumağın, savadlanmağın insanın həyatında xilasedici rolunu qabartmaqla yanaşı, eyni zamanda qohumcanlılığa, mehribançılığa, dostpərvərliyə səsləyir, hər kəsin şirin xatirələrindəki uşaqlıq illəri və macəra arzularını gözləri önündə canlandırmaqla onların mənəvi cəhətdən saflaşmasında məxsusi bir vasitəyə çevrilir.

Serialın çəkilişlərini reallaşdıran digər heyət üzvləri rejissor Rasim Cəfər, quruluşçu operator Emil Qarayev, operator Azər Kərimzadə,  rəssam Atəş Hüseynov, montaj rejissoru Əsəd Kərim, bəstəkar Tərlan Məmmədhüseynov, qaffer İsi Hüseynov, rəng koordinatoru Elnur Yaquboğlu, geyim rəssamı Turan Əzizova, səs rejissoru Nadir Mahmudov, səs operatoru Seymur Eminoğlu və başqalarından ibarətdir. 

Rolları aktyorlar Elnar Qarayev, Günay Həsən, Nigar Musazadə, Rüstəm İsmayılov, Səməd Yunuslu, İbrahim Süleymanlı, Camal Babayev, Dilarə Nəzərova, İqrar Salamov, Fəridə Qurbanova, Oktay Mehdiyev və Şəhla Əliqızı canlandırıblar.

Əlaqədar Yazılar