Martın 6-dan 10-dək Finlandiyada 54-cü Tampere Beynəlxalq Film Festivalı keçiriləcək.
Rejissor Teymur Qəmbərovun “İki gün” qısametrajlı bədii filmi Festivalın beynəlxalq müsabiqə proqramında iştirak edəcək. Qeyd edək ki, müsabiqəyə 6546 film müraciət edib, 48 ölkədən 64 film beynəlxalq müsabiqə proqramına seçilib.
“Debüt” studiyasının istehsalı olan “İki gün” filmi 44 günlük Vətən müharibəsi zamanı kiçik bir ailənin həyatından bəhs edir. Film 2021-ci ildə Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib işlərindəndir.
Mələk Bayramlı və Təranə Vəliyevanın rol aldığı filmin prodüserləri Orxan Abbasov və Lika Gavrişdir.
Festival bu il əlavə tematik və regional nümayiş proqramları çərçivəsində “Cənubi Qafqaz” və “Chai Khana: Qafqazın qadın səsləri” başlığı altında da proqramlar tərtib edib. Bu proqramlarda Azərbaycandan 3 bədii, 2 sənədli qısametrajlı film nümayiş etdiriləcək. Bunlar Teymur Hacıyevin “Axşama doğru” (2020), Azər Quliyevin “İkinci planetin qırmızı rəngi” (2024), Türkan Hüseynin “Sonuncu foto” (2022) bədii, Vüsalə Hacıyevanın “Dovşan getmək qərarına gəlir” (2022) və Lalə Əliyevanın “Onlar pıçıldayır, bəzən də qışqırırlar” (2022) sənədli filmləridir.
Filmlərin yaradıcı heyətinə uğur arzulayırıq.