Əsas ARKA-DA“MƏNƏ BƏNZƏR ADAM”: KEÇMİŞDƏN QAÇA BİLMƏYƏN İNSANIN HEKAYƏSİ

“MƏNƏ BƏNZƏR ADAM”: KEÇMİŞDƏN QAÇA BİLMƏYƏN İNSANIN HEKAYƏSİ

by editor

Azərbaycan kino sənayesində yeni bədii tammetrajlı film layihəsi hazırlanır. “Rakurs Film-Media” tərəfindən istehsal olunan dram janrlı ekran əsəri tamaşaçıları Qarabağ müharibələrinin ağrılı izləri və şəxsi yaddaşın dərin qatları ilə üz-üzə qoyacaq.

130 dəqiqəlik filmin rejissoru və həmmüəllifi İsmayıl Səfərəlidir. Ssenari üzərində İsmayıl Səfərəli ilə yanaşı İsmayıl İman da çalışıb. Filmin operatoru Veronika Solovyeva, rəssamı isə Turan Yusifovadır. Ekran əsərində əsas rolları Elnur Babayev, Həsən Nəcəfov, Qurban İsmayılov və Elnur Nəcəfov canlandırırlar. Filmin prodüserləri Nazim Hüseynov, Fariz Əhmədov və İsmayıl Səfərəlidir.

Film Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilib.

Filmin süjeti Birinci Qarabağ müharibəsindən sonra Parisə köçərək orada yaşayan azərbaycanlı kino professoru Azərin həyatından bəhs edir. İkinci Qarabağ müharibəsindən sonra o, kütləvi məzarların axtarışı məqsədilə illər sonra vətənə qayıdır. Otuz il əvvəl lentə aldığı görüntülər vasitəsilə Azər həm tərk etdiyi torpaqları yenidən kəşf edir, həm də keçmişin ağır xatirələri ilə üzləşir.

Layihənin müharibə sonrası yaddaş, itki və insanın doğma torpağa bağlılığı kimi mövzuları emosional və vizual dildə təqdim edəcəyi bildirilir.

Filmin rejissoru İsmayıl Səfərəli layihə ilə bağlı fikirlərini və ekran əsərinin yaranma prosesini kinoinfo.az saytına verdiyi müsahibədə bölüşüb.

Qarabağ mövzusu sizin filmlərinizdə əsas məqsəddir, yoxsa bir vasitə? Daha çox sizi daxilən narahat edən mövzuları danışmaq istəyirsiniz, yoxsa müharibə tarixini yeni baxışla təqdim etmək?

Bütün ssenarilərim daxili narahatlığımın məhsuludur — yazarkən məni narahat edən mövzular… Uşaqlığım və gənclik illərim birinci Qarabağ müharibəsi dövrünə təsadüf edib və bu mövzu həmişə içimdə yaşayır. Müharibəni yeni baxışla təqdim etməyə çalışmıram, daha çox keçmişin travmalarından və yaşadıqlarının xatirəsindən azad ola bilməyən insanı göstərmək istəyirəm.

“Balıqçının qızı” filmində süjet xətti ilə şəxsi həyatınız arasında müəyyən paralellər hiss olunurdu. Bu filmin ideyası şəxsi təcrübələrdən yaranıb, yoxsa başqa mənbələrdən ilham almısınız?

Yeni filmin ideyası ikinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra yarandı. Müharibə dövründə müntəzəm olaraq eyni yuxunu görürdüm — müharibədə itkin düşmüş qardaşımı axtarmaq üçün Qarabağa gedirdim. Bu yuxu məni o vaxta qədər narahat etdi ki, bunu yazmağa başladım. Buna arxiv materiallarına olan ehtirasım, atamın birinci müharibə haqqında hekayələri və yol filmi (road movie) janrına məhəbbətim də əlavə olundu.

Filmin metrajı kifayət qədər uzundur. Bu uzunluq ərzində tamaşaçının diqqətini nə saxlayacaq: süjetin inkişafı, aktyor oyunu, yoxsa yaradılan atmosfer?

Hər film öz metrajında “yaşayır”, hər hekayənin öz tempi və öz vaxtı var. “Mənə bənzər adam” tamaşaçını bürüyən və son dəqiqəyə qədər buraxmayan atmosferli bir filmdir. Məqsədim “uzun” film çəkmək deyildi — hekayənin özü mənə nə qədər davam etməli olduğunu diktə etdi.

Sizcə, Qarabağ müharibəsinin kinoda ifadəsində əsas konseptual yanaşma necə olmalıdır? Müharibə daha çox hansı aspektdən işıqlandırılmalıdır və hansı janra üstünlük verilməlidir?

Birinci müharibənin dərk edilməsi xalqımız üçün, xüsusilə 44 günlük müharibədəki qələbə işığında, hələ də son dərəcə aktual məsələdir. Hər müəllif hekayəni necə danışmaq istədiyini özü müəyyənləşdirir — vahid konseptual yanaşma yoxdur. Çox şey hekayədəki qəhrəmanın şəxsiyyəti ilə müəyyən olunur. Mənim üçün müharibə haqqında hekayənin janrı komediyadan başqa istənilən janr ola bilər. Müharibə mütləq faciəvi hadisədir və bundan komediya düzəltmək mənə bayağı və yanlış görünür. Məncə, müharibə haqqında iki ən yaxşı film janr spektrinin tamamilə əks uclarındadır: Frensis Ford Koppolanın qaranlıq “Apokalipsis bu gün” (Apocalypse Now) və Terrens Malikin poetik “İncə qırmızı xətt” (The Thin Red Line) filmləri.

Qarabağ mövzusuna toxunarkən siz daha çox fərdi insan talelərinə fokuslanırsınız, yoxsa kollektiv yaddaşı ön plana çıxarmağa çalışırsınız?

Yaxşı xatırladığım birinci Qarabağ müharibəsinə gəldikdə, məni kollektiv yaddaş məsələsi maraqlandırır. Mənim nəslim bu müharibəni necə xatırlayır? O, bizi necə formalaşdırdı, kim olduğumuza necə təsir etdi? Nəticə etibarilə, istənilən hekayə konkret bir insanın taleyindən bəhs edir, lakin bu tale çox zaman kollektiv yaddaş tərəfindən müəyyən edilir.

Filmin vizual üslubu necə qurulub? Daha realist yanaşmaya üstünlük vermisiniz, yoxsa poetik və metaforik təsvirlərə?

Film bir neçə fəsildən ibarətdir və hekayəni uzun tək-kadr səhnələr vasitəsilə danışır. İstərdim ki, tamaşaçı öz şəxsi təcrübəsinə əsaslanaraq filmin obrazlar sistemini özü üçün müəyyənləşdirsin.

Aynur Kazımova

Əlaqədar Yazılar