Əsas MEYDANDA HƏMYERLİMİZ RUSİYADA FİLM ÇƏKİR: “BİZİ DƏFN ETMƏYƏ TƏLƏSMƏYİN!”

HƏMYERLİMİZ RUSİYADA FİLM ÇƏKİR: “BİZİ DƏFN ETMƏYƏ TƏLƏSMƏYİN!”

by editor

Rusiyada yaşayan həmyerlimiz, ssenarist və rejissor Anar Ömərov Sankt-Peterburq şəhərində qısametrajlı film çəkilişlərinə başlayıb. “Bizi dəfn etməyə tələsməyin” adlanan film gənclik dramıdır və real hadisələrə əsaslanır: Hərb tarixinə həvəsi olan 17 yaşlı Dima təhsilini davam etdirmək istəmir. Anası Anna və ögey atası Vlad onu inandırmağa çalışırlar ki, Dima heç olmasa tam orta təhsil alsın. Müstəqil qərar vermək üçün isə onu çox gənc hesab edirlər. Bu Dimanı çox qəzəbləndirir. O, yetkin olmağa və hər şeyi özü həll etməyə çalışır. Dimanın sevgilisi Katya da onu dəstəkləyir. Dima valideynlərindən gizli şəkildə Fövqəladə Hallar Nazirliyinin məktəbinə qəbul olmaq istəyir, ancaq imtahanı keçə bilmir. Anası bundan xəbər tutur, oğluna çox əsəbiləşir. Dima isə hər kəsə sübut etmək istəyir ki, o, artıq yetkindir və öz qərarlarını verə bilər. Dima ağır sınaqdan keçmək qərarına gəlir və orduda xidmət etməyə gedir. Bu qərar onun faciəsinə aparıb çıxarır.

Filmdə əsas rollarda İlya Filatov (Dima), Natalya Polejayeva (Anna), Anastasiya Seryoqina (Katya) və Yusup Boziyev (Vlad) çəkilirlər.

Filmin baş prodüseri Anna Stepankova, rejissoru, ssenari müəllifi və prodüseri Anar Ömərov, operatoru Denis Kazarindir.

Qeyd edək ki, Anar Ömərov uzun müddət KVN (Şən və Hazırcavablar Klubu) oyunlarında iştirak edib. 1995-1996 mövsümünün Azərbaycan çempionu olub. 1996-2003-cü illərdə “Огни Баку” (Bakının alovları) komandasının tərkibində beynəlxalq arenada çıxış edib. Moskvada “Красный Мост” (Qırmızı körpü) radiosunun aparıcısı və redaktoru (1998-1999), Bakıda Antenn FM radiosunun aparıcısı və baş prodüseri (2000-2004) olub. ABA TV, Space TV, Lider TV, AzTV üçün televiziya layihələri hazırlayıb. 2006-2016-cı illərdə “KVN Planeta Parni iz Baku” Teatrının ssenaristi və aktyoru kimi fəaliyyət göstərib. Rusiyanın CTC (STS) kanalında “6 кадров” (“6 kadr”) şousunun skeç müəllifi, “Уральские пельмени” layihəsinin müəllifi olub.

Çoxsaylı reklamların, sosial layihələrin və tədbirlərn ssenari müəllifi, rejissoru və prodüseridir.

Qırğızıstan, Çin və Hindistanın müştərək istehsalı olan “Əjdaha-insan” (2021, “Dragonman”) filminin ssenari müəllifidir.

Həmyerlimizə uğur arzu edirik!

Əlaqədar Yazılar