Aktyor, rejissor Hikmət Rəhimovun yeni filmi “Apatiya” fevral ayının 9-dan etibarən kinoteatrlarda nümayiş olunacaq. Filmin təqdimat mərasimi 9 fevral saat 19:30-da “Flame Towers”də baş tutacaq.
Dram janrında olan filmdə əsas hadisələr ailədaxili münasibətlər zəminində qurulub. Savadsız və heç bir peşə sahibi olmayan, sevgisiz böyüyən Akifin valideynləri Əhməd və Elnarə onu məktəbdən çıxarıb iş axtarmaqla məşğuldurlar. Şəraitsiz evdə yaşayan yoxsul ailə Akifi işlə təmin etmək üçün onun maşın təmiri ilə məşğul olan, narkoman Azər əmisinə müraciət edirlər. Üstəlik, Elnarənin qardaşı, fəhlə işləyən Mənsur də bu kasıb ailəyə sığınıb ki, əlavə xərclərdən azad olsun.
Bütün bu yoxsulluğun, xaosun fonunda evdə qətl hadisəsi baş verir. Qətlə yetirilən şəxs gizlədilir və itkin düşmüş adam kimi həm qohumları, həm də polis tərəfindən axtarılır.
Filmdə əsas rollarda Tural Baxış, Şəhla Əliqızı, Elşən Əsgərov, Məhəmməd Şahməmmədli, Azər Aydəmir, İlqarə Tosova, Rəşad Ibadov, Fuad Cəbiyev çəkiliblər.
Filmin rejissoru, ssenari müəllifi və prodüseri Hikmət Rəhimov, operatoru Həsən Aslanov, rəssamı Mələksima Məmmədova, bəstəkarı Əflatun Abdullayevdir.
Qeyd edək ki, “Apatiya” Hikmət Rəhimovun ikinci tammetrajlı filmidir.