Azərbaycan Respublikasının Kino Agentliyində kino haqqında hüquqi-normativ aktların dəyişdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Gündəmdə xüsusilə də Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 1997-ci ildə qəbul olunmuş 38 saylı qərar dayanıb. Bu qərar dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi qaydalarını müəyyən edir. Qeyd edək ki, bu qərar 1997-ci ildə dövrün şərtlərinə və qiymətlərinə görə qəbul olunub və hələ də Hesablama Palatası kinofilmlərin istehsalı ilə bağlı yoxlama apardığı zaman bu qərara istinad edərək istehsalçılar qarşısında bir çox problemlər yaradır.
Müzakirəyə başlamadan öncə ARKA-nın direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu bildirib ki, sözügedən qərarla bağlı dəyişikliyin edilməsi üçün çoxlu cəhdlər olsa da, nəticəsiz qalıb. ARKA-nın Hüquq şöbəsinin müdiri vəkil Şaiq Mirzəyev görüş iştirakçılarını qərarla bağlı məlumatlandırdı.
Görüşdə qərarın ləğvi və ya dəyişikliyin aparılması üçün təkliflər dəyərləndirildi.
Qeyd edək ki, təkliflər qəbul olunaraq Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş işçi qrupuna təqdim olunacaq.