Xəzər dənizinin möcüzələrindən olan Çilov adası yenidən film istehsalçılarının diqqət mərkəzindədir. Bu dəfə İctimai Televiziya “ARTFİLM prodakşn”la birlikdə Bakıdan uzaqda – Xəzər dənizində yerləşən bu adada elə “Çilov” adlı çoxseriyalı bədii filmin çəkilişlərinə hazırlaşır.
Dram-triller janrında olan serial adada baş verən qətl hadisələrindən bəhs edir. Çoxseriyalı filmin qəhrəmanı bu qətllərin üstünün açılması üçün mübarizə aparan polis işçisidir.
Pərviz Həsənov və Araz Bayramovun ssenari müəllifliyi ilə çəkiləcək on bölümdən ibarət filmin hər seriyasının xronometrajının 45-50 dəqiqədən ibarət olacağı planlaşdırılır.
“Çilov”un ideya müəllifi və prodüseri Kənan Nadirli, quruluşçu rejissoru Emil Quliyev, quruluşçu operatoru Məhəmməd Osmanov, quruluşçu rəssamı Aytən Şirzadova, geyim rəssamı Ləman Süleymanova, ikinci rejissoru Cavid Məliklidir. Rolları Amid Qasımov, Kəmalə Quliyeva, Yaqub Paşayev, Vüsal Hacıqədir, Şövqü Hüseynov və digərləri canlandıracaq. Filmin baş prodüseri isə Yalçın Verdiyevdir.
Qeyd edək ki, serialın sifarişçisi İTV, istehsalçısı “ARTFİLM prodakşn”dır.